CƏMİYYƏT
Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Daxili işlər orqanları tərəfindən COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi ciddi nəzarətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyənləşdirilərək saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
E.Əmirxanov barəsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.