MƏDƏNİYYƏT
Koronavirusa görə hazırda mədəniyyət ocaqlarında kütləvi məhdudiyyətlərdən danışmaq əsassızdır
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar mədəni tədbirlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 28-də jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, sərhəd-keçid məntəqələrində gərəkli olan bütün yoxlamalar həyata keçirilir. “Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlanarsa, əlbəttə, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Amma mən bunun haqqında düşünmürəm, çünki hələlik buna əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən müəyyən ölçülər götürülür və indiki halda kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır”.