SİYASƏT
Koronavirusa qarşı mübarizədə Türk Şurası dövlətlərinin həmrəylik nümunəsi
Bakı, 13 aprel, AZƏRTAC
Dünyanın başı üzərində dolaşan koronavirus kabusu hələ də bəşəriyyəti təşvişdə saxlayır. Bu virusun sürətlə yayılması çoxlu sayda insan tələfatına səbəb olub. Təəssüf ki, pandemiya Azərbaycandan da yan keçməyib. Ancaq Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və insan amilinə verdiyi yüksək qiymət nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində ciddi tədbirlər görülür, bu virusun ölkəmizdə geniş yayılmasının və insan ölümünün qarşısı alınır. Təəssüf ki, sərhəd tanımayan koronavirus dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb. Dünyanı silkələyən bu yoluxucu xəstəlik artıq qlobal problemə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü bütünlüklə koronavirusla mübarizəyə həsr olunmuşdu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri deyib ki, dövlətimizin başçısının videokonfransda vurğuladığı kimi, respublikamız koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Yaranmış şəraitə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin görülməsi virusun geniş yayılmasının qarşısının alınmasında böyük rol oynayır. Möhtərəm Prezidentimizin Sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb: “Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə aprelin 20-dək dayandırılması da bu istiqamətdə əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısının tapşırığı ilə ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə insanların girişinin qadağan edilməsi, şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyətinin tam dayandırılması bu sahədə atılan qətiyyətli addımlar oldu. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət qurumlarının və özəl təşkilatların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, digər bütün vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Bütün bunlar qabaqlayıcı tədbirlər kimi vaxtında atılmış addımlardır. Məhz bunun sayəsində digər ölkələrlə müqayisədə respublikamızda bu virusun acı fəsadları az olub”.
K.Seyidov dövlətimizin başçısının ölkədə əhalinin sağlamlığının qorunması istiqamətində diqqətə çatdırdığı faktları xatırladaraq deyib ki, son on altı ildə ölkənin səhiyyə sistemində köklü işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub: “Hər il Azərbaycanda 5 milyondan çox insanın dövlət hesabına tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasının dövlətin diqqət mərkəzində saxlanılmasının təsdiqidir. Möhtərəm Prezidentimiz çıxışında dedi ki, koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Prezident İlham Əliyev bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanasının da virusa yoluxanların ixtiyarına verildiyini vurğuladı. Bundan başqa, bu ilin mart ayında ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan üç yeni xəstəxananın istifadəyə verildiyini də diqqətə çatdırdı. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”.
K.Seyidov videokonfransa qatılan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun ölkəmizdə koronavirusa qarşı mübarizənin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə etməsini dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərə verilən layiqli qiymət kimi dəyərləndirdi.