İQTİSADİYYAT
Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizmləri müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, Bakı Fond Birjasının (BFB), beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin iştirakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizmləri” mövzusunda videokonfrans keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. Videokonfransda Bakı Fond Birjasının və AFBİA-ya üzv olan investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirilib. Görüş interaktiv formada olub və iştirakçılarla birlikdə kapital bazarlarının inkişafı istiqamətində məhsuldar müzakirə aparılıb.
Qeyd edək ki, kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil olunur.