İDMAN
Kriştiano Ronaldo XXI əsrdə ən çox oyun keçirən futbolçu olub
Bakı, 22 fevral, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası əsrin ən çox oyun keçirən futbolçularının siyahısını açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, 2001-2020-ci illərdə milli və klub səviyyəsində ən çox matça çıxanların siyahısına Kriştiano Ronaldo başçılıq edir. O, liqada 595, kubokda 91, beynəlxalq kuboklarda 191, Portuqaliya millisində 170 oyunda iştirak edib. Ronaldo ümumilikdə 1047 oyun keçirib.
İspaniya yığmasının və “Real Madrid”in sabiq qapıçısı İker Kasiliyas (974) ikinci, Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş (969) isə 3-cü olub. Dördüncü və beşinci pillələrdə isə müvafiq olaraq Xavi Hernandez (“Barselona”) və yaponiyalı futbolçu Yasuhido Eduo qərarlaşıb.
Qeyd edək ki, yalnız 8 futbolçu 900 və ya daha çox oyuna çıxıb.