CƏMİYYƏT
Külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son zamanlar dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin gücləndirilməsi nəticəsində qaçaqmalı ölkə ərazisinə gətirə bilməyənlər öz məqsədlərinə çatmaq üçün müxtəlif üsul və metodlara əl atırlar. Belə ki, 2018-ci il iyunun 29-da DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb.
Həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə Azərbaycan ərazisinə daxil olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri təqribən 4500 manat olan 92 ədəd “X-nova” markalı mobil telefon aşkarlanıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.