CƏMİYYƏT
Kür çayı və onun qollarında suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub
Bakı, 2 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayında növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun üçüncü ongünlüyündə Kür çayında suyun sərfi iyunun ikinci ongünlüyünə nisbətən saniyədə 4 kubmetr artaraq 307 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.
İyunun üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-7,60 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.