REGİONLAR
Kürdəmir: ixracyönümlü sahə olan pambıqçılığın inkişafı xüsusi önəm kəsb edir
Kürdəmir, 27 mart, AZƏRTAC
Kürdəmirdə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib. Yığıncaq martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və müşavirədə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin akt zalında keçirilən yığıncaqda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.
Ceyhun Cəfərov, eləcə də digər çıxış edənlər Kürdəmirin sovet dövründə respublikanın böyük pambıqçılıq rayonlarından biri olduğunu söyləyiblər. Çıxışlarda son illər bu sahənin inkişafı ilə əlaqədar görülən işlərdən, dövlət qayğısından danışılıb. Qeyd olunub ki, rayonda 2015-ci ildə 22 hektar, 2016-cı ildə 1911 hektar, 2017-ci ildə 4027 hektar sahədə pambıq əkilib. Ötən il 5001 ton pambıq istehsal edilib ki, bu da əvvəlki ildəkindən 2900 ton çoxdur. Məhsulun 773 tonu maşınlarla yığılıb.
Cari ildə 5030 hektarda pambıq əkini nəzərdə tutulub. Bunun üçün su təminatı olan münbit sahələr seçilib, 275 istehsalçı ilə pambıq əkini ilə əlaqədar müqavilələr bağlanılıb.
Vurğulanıb ki, pambıqçılığın maddi-texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınıb. Əlverişli hava şəraiti olarsa, səpinə aprel ayının birinci ongünlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülüb. İstehsalçılar hər hektardan 20 sentner məhsul götürülməsini qarşılarına məqsəd qoyublar.
Çıxışlarda çiyid səpininin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə əlaqədar qarşıya çıxa biləcək çətinliklər də geniş müzakirə olunub.
Yığıncaqda Prezident Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov çıxış edərək, diqqəti Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edib, bununla əlaqədar görüləcək təxirəsalınmaz işlərdən danışıb.