REGİONLAR
Kürdəmir sakinlərindən küllü miqdarda narkotik vasitə götürülüb
Kürdəmir, 15 sentyabr, AZƏRTAC
Kürdəmir sakinlərindən küllü miqdarda narkotik vasitə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir qrup Kürdəmir rayon sakininin qanunsuz olaraq narkotik vasitələri saxlamaları, daşımaları və qrup halında satışı ilə məşğul olmaları ilə əlaqədar daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə həmin qrupun üzvləri - əvvəllər məhkum olunmuş Kürdəmir şəhər sakini Əhmədov Şaiq Faiq oğlundan 7,551 qram heroin, 2,225 qram metamfetamin, 0,44 qram qurudulmuş marixuana, rayonun Atakişili kənd sakini əvvəllər məhkum olunmuş Bünyatov Ramil Arif oğlundan 4,013 qram heroin, 0,58 qram marixuana, 0,352 qram metamfetamin, həmin kəndin sakini Əsədov İldırım Soltan oğlundan 0,358 qram heroin aşkar olunaraq götürülüb. Hər üç nəfər şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Onların narkotik vasitələrin saxlanması, daşınması və qrup halında satışı ilə məşğul olmaları ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır.