REGİONLAR
Kürdəmirdə yeni nov kanallar quraşdırılıb VİDEO
Kürdəmir, 25 yanvar, AZƏRTAC
Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən 2021-ci ildə 2 min kubmetr lildən təmizləmə işləri görülüb. İdarənin xidməti ərazisi üzrə ümumilikdə balansda olan kanalların 830 kilometr hissəsi lildən təmizlənib. Bundan başqa, Şilyan (Qarasu) nov kanalının 1 kilometr hissəsi üzərindəki hidrotexniki qurğularla birlikdə əsaslı təmir olunaraq, həmin hissədəki bütün yararsız novlar yenisi ilə əvəzlənib. Nəticədə sızma itkilərinin qarşısı alınaraq, Qarasu kəndinin su təminatı yaxşılaşdırılıb. Bu il də həmin kanalın 1,6 kilometr hissəsində yararsız novlar yenisi ilə əvəz olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Ötən il Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların üzərindəki hidrotexniki qurğuların 97 ədədi, 3 ədəd elektrik mühərriki, 12 ədəd nasos və beton kanalların 6,4 kilometrlik hissəsində cari təmir işləri də aparılıb.
Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi ümumi uzunluğu 1285 kilometrdən çox olan magistral və təsərrüfatdaxili kanalların, 1002 ədəd müxtəlif növ hidrotexniki qurğuların, nasos stansiyaların və digər obyektlərin istismarı ilə məşğul olur. Ötən il xidməti ərazidə 66200 hektar kənd təsərrüfatı əkinləri və həyətyanı sahələrin suvarılması yerinə yetirilib. Əkinlərin suvarılması Yuxarı Şirvan Kanalından öz axımı ilə, Girdiman və Kür çaylarından mexaniki üsulla həyata keçirilir. Kənd təsərrüfatı əkinlərinin vaxtlı-vaxtında və lazımi qədər suvarılma suyu ilə təmin olunması üçün ötən il qrafikə uyğun olaraq idarənin balansındakı suvarma kanallarının texnikalarla lildən təmizlənməsi işləri həyata keçirilib.