İQTİSADİYYAT


Kustar üsulla alkoqollu içkilərin hazırlanması halı aşkarlanıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Vergi orqanları ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirirlər.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub.

Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 2019-cu il tarixli 5 dekabr qərarına əsasən, Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun yaşadığı Mingəçevir şəhərinin M.F.Axundov küçəsi, ev 8, mənzil 4 ünvanında baxış keçirilib. Baxış zamanı Ş.Yusubzadə tərəfindən mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlifhəcmli, 4 ədədi isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulkalar aşkar edilərək götürülüb. Aşkar edilmiş içkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.

Vergi orqanları əhalini bir daha xəbərdar edir ki, ticarət şəbəkələrindən kənar yerlərdən kassa çeki olmadan şübhəli, mənşəyi məlum olmayan alkoqollu içkilərin alışı ilə həm özlərinin, həm də yaxınlarının həyat və sağlamlığını təhlükəyə atmış olurlar. Belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.

Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə əlaqədar dövlət orqanlarına müraciət etməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.