ELM VƏ TƏHSİL
LƏNKƏRANDA HEYDƏR ƏLİYEV UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Universitetində keçirilmiş növbəti məşğələ Konstitusiya gününə həsr olunmuşdur.
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Məşğələdə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Anar İsgəndərovun “Heydər Əliyev Azərbaycan Konstitusiyasının yaradıcısıdır” mövzusunda məruzəsi dinlənilmişdir.
Çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil ölkəmizin ilk Konstitusiyasının demokratik, hüquqi dövlət quruculuğu üçün əsaslı zəmin yaratdığını bildirmiş, bu demokratik prinsiplərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.