REGİONLAR
Laçın məktəblisi: Tur-aksiya tətil günlərimizə əlavə rəng qatır
Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın hər bir rayonu özünəməxsus gözəlliyə malikdir. Gözəl təbiətə malik şimal rayonlarını gəzib-dolaşmaqla yanaşı, buranın tarixi, ənənələri və iqtisadiyyatı barədə ətraflı məlumatlar toplayırıq. Bu gün Qubanın görməli yerlərini gəzirik. Sabah Qusarda, daha sonra Xaçmazda olacağıq. Bu dördgünlük ekskursiya tətil günlərimizə əlavə rəng qatır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Xoşbəxt Əsədullayeva söyləyib.
Laçın rayon 37 nömrəli tam orta məktəbin şagirdi tur-aksiyanın bölgələrlə tanış olmaq üçün əla imkan yaratdığını bildirib.
“Ötən əsrin əvvəllərində bütün Azərbaycan ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Ermənilər soyqırımı siyasətini sonrakı dövrdə də davam etdiriblər. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq yaddaşımda dərin iz buraxdı. Bu məkan ermənilərin tarixboyu azərbaycanlılara olan münasibətinin bariz nümunəsidir. Biz, gənc nəsil bunu heç vaxt unutmamalıyıq”, - deyə Xoşbəxt Əsədullayeva bildirib.