CƏMİYYƏT
Laçın sakini: Torpaqlarımızın azad olunması şəhidlərimizin narahat ruhuna da dinclik bəxş edəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Laçından 9 yaşımda çıxmışam. 28 il yarımdan sonra doğulduğum, həsrətində olduğum torpaqlar işğaldan azad olunub. Sevincimi sözlə ifadə edə bilmirəm.
AZƏRTAC xəbər verir ki, bunu Laçın rayon sakini Ramin Məmmədov deyib.
O, həmçinin bildirib: “Qələbə münasibətilə Azərbaycan xalqını, bütün laçınlıları təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, əsgər-zabit heyətimizə can sağlığı arzulayıram. Onların hər biri ilə fəxr edirik. Torpaqlarımızın azad olunması şəhidlərimizin narahat ruhuna da dinclik bəxş edəcək. Ata, övlad, həyat yoldaşı, qardaş itirmək çox çətindir. Şəhid ailələrinə üzümü tutub demək istəyirəm ki, başlarını dik tutsunlar, şəhidlərimizin məqamı yüksəkdir, onların qisası alınıb, ərazi bütövlüyümüz bərpa olunub. Xalqımız Vətən fədailərini heç zaman unutmayacaq. O torpaqlara atdığımız hər qədəmdə şəhidlərimizə, qazilərimizə minnətdar olacağıq. 44 gün ərzində ordumuz dünyaya gücümüzü, xalqımız isə birliyimizi nümayiş etdirdi. Möhtəşəm zəfər münasibətilə qalib ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyevi xüsusi təbrik edir və bu gözəl günləri bizə yaşatdığı üçün minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!”.