SİYASƏT
Latviya Baş Nazirinin müavini: Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində 26 ildir ki, heç bir irəliləyiş olmayıb VİDEO
Riqa, 3 oktyabr, AZƏRTAC
Latviya Respublikası Baş Nazirinin müavini, Müdafiə naziri Artis Pabriks “RigaTV24” telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub.
AZƏRTAC xəbər verir ki, Artis Pabriks bu dondurulmuş münaqişənin canlı müstəviyə keçdiyini bildirib. “Ötən il Latviya Seyminin kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərlərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində, dialoqları əvəzlədiyini bildirmişdim. Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoyub. Ancaq gerçəklik budur ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində 26 ildir bir tük qədər də irəliləyiş olmayıb.
Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq.
Baş Nazirin müavini vurğulayıb ki, hazırda baş verən hərbi əməliyyatlar de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.
Artis Pabriks 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş köçkünlərin və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid edirik.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa