MƏDƏNİYYƏT
Latviya portalı Azərbaycanın “Eurovision-2019” mahnı müsabiqəsindəki təmsilçisindən yazıb
Riqa, 9 aprel, AZƏRTAC
Latviyanın rus.tvnet.lv portalı Azərbaycanı “Eurovision-2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayev barədə yazıb.
AZƏRTAC portala istinadla xəbər verir ki, daha əvvəllər Albaniya, Avstraliya, Avstriya təmsilçiləri barədə yazan portalın budəfəki mövzusu azərbaycanlı ifaçı olub. Məqalədə Ç.Mustafayevin musiqi sahəsindəki uğurları, şəxsi həyatı barədə maraqlı faktlar və yarışmaya hazırlıq mərhələləri yer alıb.
Bildirilib ki, 28 yaşlı müğənni idmanla məşğul olur, sağlam həyat tərzi keçirir. Daha sonra onun qazandığı müsabiqələrin adları sadalanıb. Qeyd olunub ki, Çingiz “Eurovision-2011” üçün də seçim turlarında iştirak edib, lakin onda başqa iştirakçı seçilib. Bundan sonra Çingiz Yurmalada keçirilən “Yeni dalğa” festivalında Azərbaycanı təmsil edib.
Xatırladaq ki, Ç.Mustafayev Təl-Əvivdə keçiriləcək müsabiqədə “Truth” adlı mahnını ifa edəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa