REGİONLAR
Latviyanın yerli idarəetmə orqanları Sumqayıt şəhəri ilə əməkdaşlıq etməkdə maraqlıdırlar
Sumqayıt, 19 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs və ölkəmizdə səfərdə olan Latviyanın yerli idarəetmə orqanlarının rəhbərləri Sumqayıta səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlarla keçirilən görüşdə Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Sumqayıtla dünyanın müxtəlif şəhərləri arasında qardaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr getdikcə inkişaf edir. Qardaşlaşmış şəhərlərlə müxtəlif sahələrdə birgə layihələr həyata keçirilir.
Səfir Yuris Maklakovs Latviyanın yerli idarəetmə orqanlarının Sumqayıt şəhəri ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
İki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayan latviyalı diplomat qeyd edib ki, Riqada "Azərbaycan Ticarət Evi" açılıb və ilin sonunda Azərbaycanda da “Latviya Ticarət Evi” fəaliyyətə başlayacaq. Bu istiqamətdə atılan addımlar iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Latviya Yerli İcra Orqanları İttifaqının sədri Galts Kamiskis ölkəsində meriyaların və bələdiyyələrin fəaliyyəti barədə məlumat verib. O, şəhərlər arasında qarşılıqlı əlaqələrin qurulmasından və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Latviyanın şəhər bələdiyyələrinin sədrləri Sumqayıtda ilk dəfə olduqlarını bildirib və gördüklərindən heyran qaldıqlarını vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.