REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı 129-cu mövsümünü Neftçalada açıb
Lənkəran, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-də Lənkəran Dövlət Dram Teatrı 129-cu mövsümünü doğma səhnədən kənarda - Neftçala Rayon Mədəniyyət Mərkəzində açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni teatr mövsümünün açılış mərasimində çıxış edən Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıb.
Teatrın direktoru Tofiq Heydərov kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, qarşıda duran vəzifələrindən danışıb.
Qeyd olunub ki, teatrın səhnəsində bu il Ə.Nesinin “Manyak”, T.Abdullayevin “Tilsimlənmiş qız”, M.Bayciyevin “Şənbə axşamı”, B.Beyzayinin “Senemar”, E.Əskərovun “Sehirbazlar dərəsi” əsərləri tamaşaya hazırlanıb. Həmçinin yaradıcı kollektiv görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə töhfə olaraq ədibin “Vəfalı Səriyyə”, serb dramaturqu Miodraq Bulatoviçin “Qodo gəldi” və digər səhnə əsərləri ilə pərəstişkarlarını sevindirəcək.
Teatrın truppası İran İslam Respublikasının Ərdəbil, Tehran və Zəncan şəhərlərində keçirilən beynəlxalq teatr festivallarında Azərbaycanı uğurla təmsil edib.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov Lənkəran teatrı ilə səmərəli əməkdaşlığa və teatrın tədbirlərinin bölgədə keçirilməsinə verdiyi dəstəyə görə təşəkkürnamə və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Açılış mərasimindən sonra teatrın truppası iranlı yazar Bəhram Beyzayinin “Senemar” tamaşasını nümayiş etdirib.
Tamaşada həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanının öz əyalətində tayı-bərabəri tapılmayan böyük bir saray tikdirmək arzusundan bəhs olunur. Bu məqsədlə o, Senemar adlı məşhur memarı ölkəsinə dəvət edir. Senemar sultana söz verir ki, tikəcəyi saray hər kəsi təəccübləndirəcək. Nömanın ətrafındakı adamlar isə hər vasitə ilə memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah ona məxsus sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi saraydan yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur.
Səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.