REGİONLAR
Lənkəran Peşə Liseyinin “Aşbaz” qrupu Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirib
Lənkəran, 27 dekabr, Bağır Əliyev, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyi Lənkəran Peşə Liseyinin “Aşbaz” qrupunun iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş festival keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan mətbəxinə həsr olunan festivalda Lənkəran rayonunun dövlət müəssisələri, özəl qurumları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov Prezident İlham Əliyevin Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncamının əhəmiyyətindən, bu sahədə “Strateji Yol Xəritəsi”nin təsdiqlənməsindən, peşə liseyində görülən işlərdən danışıb.
Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov peşə təhsilinin cəmiyyətin inkişafındakı rolundan söz açaraq, son illərdə bu sahədə qazanılan uğurları diqqətə çatdırıb.
Lənkəran Peşə Liseyi ilə əməkdaşlıq edən “Yaşıl Çay” Fermer Təsərrüfatının rəhbəri Araz Yağubov çıxışında təhsil ocağı ilə birgə baramaçılığın inkişaf etdirilməsinə dair yeni sazişin imzalanacağı barədə məlumat verib.
Sonra Lənkəran Peşə Liseyinin “Aşbaz” qrupu Azərbaycan mətbəxinin zənginliyini, bir-birindən dadlı təamları qonaqlara təqdim ediblər.
Tədbirdə, həmçinin peşə təhsili ilə bağlı yeni layihələr də müzakirə olunub.
Qeyd edək ki, Lənkəran Peşə Liseyi 1969-cu ildən fəaliyyət göstərir və burada Lənkəran, Lerik, Masallı və Astara rayonlarından 298 şagird 7 ixtisas üzrə peşə təhsilinə yiyələnir.