MƏDƏNİYYƏT


Lənkəran teatrı 128-ci mövsümə yekun vurub

Bakı, 16 iyul, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin “Senemar” faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Diqqətə çatdırılıb ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Bundan əlavə, teatr cənub bölgəsinin rayonlarında da qastrolda olub. Sənət ocağı iyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.

Çıxışında Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan T. Heydərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatr işçilərinin əməkhaqlarının fərqli dərəcədə artırılmasını dövlət başçısının yaradıcı insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Sonra “Senemar” tamaşasına baxılıb. Maraqla izlənilən bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.