REGİONLAR
Lənkəranda Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Lənkəran, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 6-da Lənkəranda 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş Rusif Ağayev və Əlizamin İslamovun xatirəsi ehtiramla yad olunub.
Bu münasibətlə rayonun Hirkan qəsəbəsində və Cil kəndində keçirilən anım mərasimlərində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri və KİV təmsilçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirlərində hər iki şəhidin məzarları ziyarət olunaraq üzərlərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub, ehsan süfrələri açılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin valideynləri və doğmaları ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Taleh Qaraşov Vətən üçün canından keçən layiqli övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə minnətdarlığını ifadə edib.
Hər iki şəhidin valideynləri onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söyləyiblər.