REGİONLAR
Lənkəranda kitab sərgi-yarmarkası açılıb
Lənkəran, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi, “TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü ilə şəhərin Heydər Əliyev Mərkəzində kitab sərgi-yarmarkası təşkil edilib. Sərgi-yarmarkasının təşkil olunmasında əsas məqsəd cəmiyyətdə kitaba olan marağın artırılmasına və mütaliə mədəniyyətinin təbliğ olunmasına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi çərçivəsində sevilən yazıçılar Elxan Elatlı, Sevinc Nuruqızı və Zahid Xəlilin imza saatları təşkil olunub, oxucular yazıçıların 44 günlük Vətən müharibəsi ilə bağlı qələmə aldıqları kitabları müəlliflərin imzaları ilə əldə ediblər.
Ümumilikdə təşkil olunan iki günlük kitab sərgi-yarmarkası çərçivəsində 300 adda 1500-ə yaxın kitab oxuculara təqdim edilib. Kitab sərgisinin keçirilməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.