REGİONLAR
Lənkəranda reyd zamanı 12 sürücü barədə inzibati qaydada tədbir görülüb
Lənkəran, 26 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Bununla bağlı sürücülərlə bir daha izahat işləri aparılıb və onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Reyd zamanı standartlara cavab verməyən 12 avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.