REGİONLAR
Lerikdə bu il 200 min tona yaxın kartof tədarükü gözlənilir VİDEO
Lerik, 20 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Keyfiyyətinə, dadına görə tanınan Lerik kartofu yüksək alıcılıq qabiliyyətinə malikdir. Bunu yaxşı bilən yerli fermerlər kartof əkininə daha çox maraq göstərirlər. İkinci çörək adlandırılan kartofun indi Lerikdə yığım dövrüdür.
AZƏRTAC xəbər verir ki, ucqar dağ rayonu olan Lerikdə əhalinin əsas məşğuliyyətlərindən biri də kartofçuluqdur. Kartof rayonun daha çox dağlıq ərazilərində yetişdirilir. Bu il əkin aparılan 1537 hektar sahənin bu günədək 1200 hektarının məhsulu yığılıb. 15 min 120 ton məhsul əldə edilib.
Lerik rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aparıcı məsləhətçisi Şamxal Quliyevlə söhbət zamanı bildirdi ki, 1537 hektar kartof sahəsinin 250 hektarı Kələxan ərazisində əkilib: “Lerik kartofunun alıcısı çoxdur. Fermerlərə kömək məqsədilə dövlət tərəfindən hektara 280 manat subsidiya ödənilir. Bu da məhsuldarlığa, gübrə götürülməsində fermerlərə kömək olur”.
Elə Kəlvəz kənd sakini Nəsimi Ağayevi torpağa bağlayan da dövlətin bu sahəyə dəstəyidir. Müəllim işləsə də, boş qalan zamanında təsərrüfatla məşğul olur. Qardaşları ilə birgə arpa, buğda, kartof əkir, əlavə gəlir qazanır: “Torpaqlarımız buğda, arpa, kartof əkini üçün çox əlverişlidir. Biz arpa və buğda biçinini yeni bitirmişik. Hazırda kartof yığımı mövsümündəyik. Məhsulumuz boldur. Bu il 5 hektar sahədə keyfiyyətli kartof əkmişik”.
Dəmyə şəraitində becərilən kartofdan hektara 9-10 ton məhsul yığılır. Yaxşı qulluq olunan sahələrdən daha çox kartof götürülür.
Məhsul istehsalçıları bu il İran və Rusiya, bəzi ərazilərdə isə Pakistandan gətirilmiş kartof toxumu əkiblər. Təbii şəraitdə yetişdirdiklərindən dağ kartofuna tələbat da çox olur.
Kəlvəz kənd sakini Dəyanət Ağayev deyir ki, məhsulu Lənkəran bazarında satır. “Sifarişin çoxu Rusiyadan olur. Bakının bazarlarına da göndəririk. Buradakı qiyməti 60-65 qəpik arası dəyişir. Məhsulumuz aprel ayınadək qalır. Gübrələrdən az istifadə edirik. Təbii yetişdirməyə çalışırıq”.
Təsərrüfatçılar texnika sarıdan korluq çəkmirlər, müxtəlif təyinatlı qoşqulardan istifadə edərək, həm əkin, həm də yığım apara bilirlər.
Qeyd edək ki, məhsul yığımı sentyabrın sonunadək davam edəcək. Bu il kartof sahələrindən ümumilikdə 200 min tona yaxın kartof tədarükü gözlənilir.