REGİONLAR
Lerikdə məktəblilərin radikal dini düşüncələrdən qorunması ilə bağlı müzakirələr aparılıb
Lerik, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik şəhər 3 nömrəli tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Amil Kərimov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb.