ELM VƏ TƏHSİL
Lev Tolstoy azərbaycanlı sufi və hürufi mütəfəkkirlərindən bəhrələnib
Bakı, 13 noyabr, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkek şəhərində “MDB-nin və Şanxay Əməkdaşlıq Təşkilatının dil və mədəniyyətləri XXI əsrdə” mövzusunda XIII Beynəlxalq Forum işini yekunlaşdırıb. Avrasiya regionunun nüfuzlu alimlərinin qatıldıqları tədbirdə respublikamızı Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov təmsil edib. Tədbirdə alimin “Məhəmməd peyğəmbərin aforizmləri Lev Tolstoyun interpretasiyasında” mövzusunda məruzəsi xüsusi maraqla qarşılanıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, R.Novruzov məruzəsində böyük rus yazıçısının İslam dininə yanaşması ilə azərbaycanlı mütəfəkkirlərin mövqeləri arasında paralelləri təhlil edib. Məruzəçi bu qənaətə gəlib ki, L.Tolstoy təkcə Məhəmməd peyğəmbər və “Quran” ilə deyil, həm də dünyanın görkəmli filosoflarının, o cümlədən Azərbaycanın böyük fikir adamlarının İslam barədə düşüncələri ilə yaxından tanış olub və onlardan bəhrələnib. Alim məruzəsində böyük sufi alimi Şeyx Mahmud Şəbüstəri və digər görkəmli azərbaycanlı sufi və hürufi mütəfəkkirləri barədə də məlumat verib.
R.Novruz, həmçinin Şərqin məşhur sufi mütəfəkkiri, Abdulla əl-Məmun Sührəverdi ilə L.Tolstoy arasındakı yazışmalardan danışıb. Vurğulanıb ki, L.Tolstoy Abdulla əl-Məmun Sührəverdinin kitabından on iki aforizmi özünün məşhur “Hər gün üçün” müdrik kəlamlar nəşrinə daxil edib. Abdulla əl-Məmun Sührəverdinin kitabından götürülmüş və L.Tolstoyun köməkçisi S.Nikolayev tərəfindən ruscaya çevrilmiş kəlamlar 1909-cu ildə “Posrednik” nəşriyyatında çap olunub. Alim “Quran”dakı aforizmlərin L.Tolstoya doğma olmasının səbəbini onlardakı müdriklik, humanizm, ədalət, insanlığa yardım hissinə bağlılıqla əlaqələndirib. O, böyük rus yazıçısını həyacanlandıran demək olar ki, bütün məsələlərin “Quran”da əksini tapdığını faktlarla əsaslandırıb.