CƏMİYYƏT
Litvanın azadlığı uğrunda canından keçmiş həmyerlimizin həyatı araşdırılır
Vilnüs, 8 noyabr, AZƏRTAC
Şakir Sadıqov 1944-1951-ci illərdə litvalı partizanlarla birlikdə Litvanın azadlığı uğrunda vuruşmuş azərbaycanlıdır. Bu gün də onun xatirəsi Litvada hörmətlə yad olunur. Litvalı komandirlər Venlausko Con və Piter Bartkusun rəhbərliyi ilə vuruşan azərbaycanlını silahdaşları göstərdiyi şücaətlərə görə “Valius”, yəni, “möhkəm iradəli” adlandırırdılar.
Hazırda Litvada yaşayan azərbaycanlı diaspor fəalı, ədəbiyyatçı və publisist Mahir Həmzəyev qəhrəman həmvətənimiz barədə araşdırma aparır. O qeyd edib ki, Litvada həmişə müxtəlif xalqların və konfessiyaların nümayəndələri yaşayıblar. Onlar iqtisadi, mədəni və sosial baxımdan yerlilərlə qaynayıb-qarışıblar. Yeri gələndə də ölkənin azadlıq ideyaları uğrunda yerlilərlə çiyin-çiyinə vuruşublar. Şakir Sadıqov da belələrindən olub. Bakıda dünyaya gəlmiş Şakir Sadıqov sovet qoşunlarında xidmət edərkən sürgün olunmuş insanların taleyini yaxından görüb. Gördükləri onun gələcək həyatına ciddi təsir edib və o, Litvada olarkən partizanlara qoşulmaq qərarına gəlib. Ömrünün sonunadək, yəni, sovet hakimiyyəti tərəfindən güllələndiyi günədək xalqların azadlığının tərəfdarı olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs