İDMAN
“Liverpul” klubu iki rekordu yeniləyib
Bakı, 26 fevral, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubu öz ölkəsində iki rekord yeniləyib.
AZƏRTAC xəbər verir ki, Liverpul təmsilçiləri XXVII turda “Vest Hem”ə 3:2 hesabı ilə qalib gələrək cari mövsümdəki qələbələrinin sayını 18-ə çatdırıblar. Bununla da Yurgen Kloppun yetirmələri İngiltərənin ən güclü dörd liqası üçün rekord olan göstəricini təkrarlayıb. Bu nəticəni ilk dəfə “Mançester Siti” klubu 2017-ci ildə müəyyənləşdirib.
“Liverpul” həm də çempionatda ardıcıl XXI ev oyununda qələbə qazanıb. UEFA Çempionlar Liqasının qalibi olan “Liverpul” ölkə çempionatları tarixinin bu rekordunu da təkrarlayıb. “Liverpul”un özünə məxsus olan rekord 1972-ci ildə qeydə alınıb.
Liverpul təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında rekorda yaxınlaşıb. 44 maçdır uduzmayan komandanı “Arsenal”ın 2003-2004-cü illərdəki rekordundan 5 oyun ayırır.
Xatırladaq ki, Kloppun yetirmələri 27 turdan sonra 79 xalla birinci pillədə qərarlaşıblar. Klub sonuncu dəfə 1989-1990-cı il mövsümündə ölkə çempionatında qalib olub.