DÜNYA
Liviyanın keçid hökumətinin başçısının ölkənin şərq əyalətinə səfəri əngəllənib
Qahirə, 26 aprel, AZƏRTAC
Liviyanın müvəqqəti keçid hökumətinin başçısı Əbdülhəmid Dbeibehin ölkənin şərqində yerləşən və general xəlifə Həftarın nəzarətində olan Benqazi şəhərində Nazirlər Kabinetinin iclasını keçirmək planı baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, generalın əsgərləri və ona sadiq mülki şəxslər hökumət nümayəndə heyətinə şəhərə girişə icazə verməyib. Baş nazir və kabinet üzvləri Benina aeroportundan geriyə qayıtmağa məcbur olublar.
“Aljazeera” telekanalı bildirir ki, Baş nazir hələ martda Benqazidə hökumətin iclasını keçirməyi planlaşdırırdı. Liviya Nazirlər Kabinetinin sözçüsü Məhəmməd Həmuda jurnalistlərə iclasın qeyri-müəyyən vaxtadək təxirə salındığını deyib, lakin bunun səbəbləri barədə açıqlama verməyib.
Liviyanın ikinci böyük şəhəri olan Benqazi hazırda general Həftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun nəzarəti altındadır. Beynəlxalq ictimaiyyət bu ölkədə atəşkəsə nail olunmasını və tərəfləri qane edən hökumətin qurulmasını alqışlasa da, Baş nazir Dbeibeh hələ də şərq əyalətinə səfər edə bilmir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə