İQTİSADİYYAT
Lökbatan qəsəbəsinin İntiqam Nəbiyev küçəsi təmir edilir
Bakı, 17 iyun, AZƏRTAC
Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1200 metr olan İntiqam Nəbiyev küçəsində təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində küçənin zəruri yerlərində deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Artıq yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Cari ildə qəsəbə üzrə 600 metr uzunluğa malik 1A massivi küçəsində də təmir-bərpa işlərinin icrası nəzərdə tutulur. Ümumiyyətlə isə, 2021-ci ildə Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6,5 kilometr olan küçə və yolların təmiri və tikintisi planlaşdırılır. Artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25 və 29, həmçinin uzunluğu 300 metr olan 30 nömrəli Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib. Növbəti mərhələlərdə Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən və ümumi uzunluğu 27 kilometr olan 30-dək küçə və yola asfalt-beton örtüyü döşənib. Bakı şəhərinin və qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.