SİYASƏT
Los-Ancelesdə Ümummilli Liderin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib
Bakı, 12 dekabr. AZƏRTAC
Dekabrın 9-da ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, aksiyada Los-Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılıb, isti yeməklər paylanıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil edilib. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları “Los-Anceles Missiyası”nın könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Tədbirdən əvvəl N.Ağayev “Los Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb.
Görüşdə H.Smit rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsi ilə bağlı baş konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına artıq ikinci dəfə ev sahibliyi etdiyini vurğulayıb. O, bu aksiyanın artıq Los-Ancelesdə gözəl bir ənənəyə çevrildiyini və nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Ötən müddət ərzində Azərbaycan ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini vurğulayan H.Smit Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən, humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit, həmçinin bildirib ki, bu gün Azərbaycan növbəti dəfə yoxsul, kimsəsiz insanlara qucaq açaraq onlara isti münasibət, qayğı göstərir və bir çoxlarına gözəl bir nümunə olur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət etdiyini deyən N.Ağayev Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.