İDMAN
Luis Hemilton Formula 1-də Mik Şumaxerin çıxış edəcəyinə əmindir
Bakı, 19 oktyabr, AZƏRTAC
“Mercedes”in pilotu Luis Hemilton əmindir ki, vaxt gələcək, Formula 1-in yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik F1 yarışlarında çıxış edəcək. Xatırladaq ki, ötən həftə gənc alman Avropa Formula 3 yarışlarının titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, Luis Hemilton deyib: “Mən hesab etmirəm ki, Mik atasının xidmətlərinin təsiri altında olacaq. Tam əminəm ki, o, Formula 1 yarışlarında çıxış edəcək. Bu, qismən də olsa onun soyadı ilə bağlı ola bilər. Lakin Mikin yaxşı çıxışı da mühüm rol oynayacaq. Atası kimi onun da müəyyən istedadı var. Biz bu varisliyi Keke və Niko Rosberqlərin timsalında da görmüşük. Əminəm ki, gələcəkdə Alonsonun övladları olanda da, Formula 1-də Alonso soyadını yenidən görəcəyik.
Hətta mənim gələcək övladım Formula 1-ə qoşulmaq istəsə belə, o, bu işdə kifayət qədər səriştəli olmayacaq. Onun şansı sadəcə soyadı ilə bağlı olacaq. Lakin Mik Şumaxer çox gözəl nəticələr göstərir, yaxşı və istedadlı oğlandır. Bu səbəbdən düşünmürəm ki, Mikin soyadı onun karyerasını çətinə salacaq”.