ELM VƏ TƏHSİL
MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV
Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Mahmud Əliabbas oğlu İsmayılov 2001-ci il avqustun 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.
Mahmud İsmayılov 1920-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almışdır. O, 1941-ci ildə təhsilini başa vurub Qusar rayonunda tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1942-ci ildə orduya çağırılaraq İkinci Dünya müharibəsində iştirak etmişdir.
Mahmud İsmayılov 1946-cı ildə ordudan tərxis edilmiş və həmin ildən ömrünün sonunadək həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda laborantlıqdan institutun direktoru müavinliyinə qədər müxtəlif vəzifələr tutmuşdur.
Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1960-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin öyrənilməsinə həsr etdiyi əsərlərinin tarixşünaslığımızda xüsusi yeri vardır. Alimin Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft sənayesinin inkişafı tarixinə dair apardığı tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxcildlik “Azərbaycan tarixi”nin müəlliflərindən və redaktorlarından biri idi. Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı dövrdə Mahmud İsmayılovun çap etdirdiyi elmi-publisistik yazıları tarixi saxtalaşdıran erməni millətçilərinə tutarlı cavab idi.
Mahmud İsmayılov bir sıra beynəlxalq elmi konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir. O, elmi fəaliyyəti pedaqoji işlə uğurla əlaqələndirirdi. Alimin Bakı Dövlət Universitetində, Azərbaycan Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında oxuduğu mühazirələr gənc tarixçilərin azərbaycançılıq ruhunda tərbiyə edilməsi işinə xidmət göstərmişdir. Onun rəhbərliyi altında bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
Mahmud İsmayılov bədii yaradıcılıqla da məşğul olurdu. Azərbaycan xalqının keşməkeşli taleyi, böyük tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti onun romanlarında öz əksini tapmışdır.
Mahmud İsmayılovun tarix elminin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmişdir. Bu mükafatlar arasında müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni xüsusi yer tutur.
Tanınmış alim və yazıçı, gözəl müəllim və qayğıkeş insan Mahmud İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Misir Mərdanov, Nizami Xudiyev,
Ağamusa Axundov, Cəmil Quliyev,
İqrar Əliyev, Teymur Bünyadov,
Arif Abbasov
Mərhumun cənazəsi vidalaşmaq üçün 2001-ci il avqustun 17-də saat 16-dan 18-ə kimi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Dairəvi zalında /Hüseyncavid prospekti, 31/ qoyulacaqdır.