ELM VƏ TƏHSİL
MƏKTƏBLƏRİN PEDAQOJİ KADRLARLA TƏMİNATI PROQRAMI REALLAŞDIRILIR
Təhsil Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dövlət siyasətində təhsilin üstün hesab edilməsinin nəticəsi olaraq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” digər sahələrlə yanaşı, birbaşa bu bölmənin inkişafına da yönəlmişdir. Proqramda əksini tapmış məsələlər nazirlik tərəfindən məqsədli inkişaf proqramlarının hazırlanması üçün əsas olmuşdur.
Belə proqramlardan biri “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”dir. Proqramın reallaşdırılması nəticəsində 5 ildə ümumtəhsil məktəbləri pedaqoji kadrlarla tam təmin ediləcəkdir. Məsələ burasındadır ki, bu gün ölkənin ucqar kəndlərində 7 min müəllimə ehtiyac var, 5 min müəllim öz ixtisası üzrə işləmir. Cari ildə həmin məktəblərə maddi həvəsləndirmə sayəsində 1308 nəfər göndərilməsi nəzərdə tutulmuşdu. Lakin cəmi 1000 müəllim göndərilmişdir. Səbəb həvəsləndirmə məbləğinin azlığıdır.
Nazirlikdə inanırlar ki, hökumət bu məbləği artıracaq və problem növbəti dörd il ərzində həll ediləcəkdir.