DÜNYA
MALKOLM FORBSUN UİNSTON ÇÖRÇİLLƏ BAĞLI QEYRİ-ADİ KOLLEKSİYASI 570 MİN FUNT STERLİNQDƏN BAHA QİYMƏTƏ SATILMIŞDIR
Bakı, 3 iyun (AZƏRTAC). Müharibə illərində Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə bağlı qeyri-adi kolleksiya, o cümlədən onun məktubları, kitabları, fotoşəkilləri, habelə çəkilməmiş siqarası “Kristis” hərracında 570 min funt sterlinqdən (844 min dollar) baha qiymətə satılmışdır.
Amerikada çıxan “Forbs” jurnalının baş redaktoru Malkolm Forbsun 30 ildən yuxarı bir müddət ərzində topladığı kolleksiyanın eksponatlarının əksəriyyətini Birləşmiş Krallığın kolleksiyaçıları əldə etmişlər. Yalnız bir amerikalı sərmayədar Çörçillin nitqlərindən ibarət toplunu təxminən 40 min dollara almışdır. Britaniya baş nazirinin Hitlerlə hər hansı sövdələşməyə getmək imkanını rədd edən məktubu hərracda əsl ajiotaj yaratmışdır. Belə bir təklif Çörçili faşist diktatorunun şərtlərini qəbul etməyə çağıran şəxsi katibinin məktubunda yer almışdır. Cavabında Çörçil “Belə bir məktub yazdığınıza görə sizin yerinizə utanıram. Yandırmanız və tamamilə unutmağınız üçün məktubu geri göndərirəm” demişdir. Bir lotda birləşmiş, start qiyməti 8 min funt sterlinq olan iki məktub sonda təqribən 35 min dollara satılmışdır.
Kolleksiyanın qalan hissəsi dekabrın 3-də Nyu-Yorkda və 2011-ci ilin yayında Londonda satışa çıxarılacaqdır.