İQTİSADİYYAT
MƏNFƏƏT NEFTİNİN NÖVBƏTİ PARTİYASINI BRİTANİYANIN ARKADİA ŞİRKƏTİ ƏLDƏ ETMİŞDİR
Britaniyanın Arkadia şirkəti ABƏŞ-in “ilkin neft” layihəsi çərçivəsində “Çıraq” yatağından hasil etdiyi Azərbaycanın mənfəət neftinin növbəti partiyasının alınması üzrə müsabiqənin qalibi olmuşdur. ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gürcüstanın Supsa limanından “Azeri Light”in 1milyon barrel həcmində bu partiyasının yüklənməsi dekabrın 19-20-də nəzərdə tutulmuşdur.
Bu, Azərbaycanın mənfəət neftinin, özü də cari ildə satılan sonuncu mənfəət neftinin 30-cu partiyasıdır. Azərbaycan mənfəət neftinin alınması üzrə müsabiqəni iki ayda bir dəfə keçirir.
ABƏŞ-in “Çıraq” yatağından hasil etdiyi neftin Bakı-Supsa boru kəməri ilə ixracı 2003-cü ilin yanvar-oktyabr aylarında 5 milyon 283,8 min ton təşkil etmişdir (2002-ci ilin 10 ayı ərzində - 4 milyon 168,567 min ton). Bunun 523 min tonu oktyabrda göndərilmişdir (ötən ilin oktyabr ayında – 412,435 min ton).