ELM VƏ TƏHSİL
MƏZUN GÜNÜ QEYD OLUNMUŞDUR
İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 2003-cü tədris ilinin məzunlarına diplomların təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərasimi rektor, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova açmışdır. O, cari ildə bu təhsil ocağını 1150 tələbənin bitirdiyini və onların 160-nın fərqlənmə diplomuna layiq görüldüyünü vurğulamışdır. Təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycan elm və təhsilinin dünyaya inteqrasiyası sahəsində əldə edilmiş nailiyyətlərdən danışmış, məzunları təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Mərasimdə təhsildə fəallıq göstərmiş məzunlara diplomlar təqdim olunmuşdur. Axırda universitet tələbələri maraqlı konsert proqramı ilə çıxış etmişlər.