İDMAN
MEHMANXANA “ANTİFUTBOL ZONASI” ELAN EDİLDİ
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Mançesterdəki “Linsueyt haus hotel”in rəhbərliyi bir ay ərzində öz mehmanxanasını futboldan azad zona elan etməyi qərara almışdır. Onlar Almaniyada keçiriləcək dünya futbol çempionatı barədə səhərdən axşamadək verilən xəbərlərdən təngə gəlmiş müsafirləri bu yolla cəlb etmək ümidindədirlər.
Mehmanxana işçiləri bütün qəzetlərin idman səhifələrini çıxaracaq, axşamlar isə hotelin sakinləri futbol yayımları əvəzinə, “Çirkin rəqslər” və “Gözəlçə” kimi bədii filmlərə baxa biləcəklər.
Ən maraqlı yenilik ondan ibarətdir ki, mehmanxana işçisindən “futbol” sözünü eşidən hər bir müsafir pulsuz olaraq bir badə şampan şərabına qonaq ediləcəkdir.
Mançesterin yaxınlığındakı Leyk Distrikt qəsəbəsində yerləşən bu mehmanxana İngiltərəyə gələn turistlər arasında çox məşhurdur.