SİYASƏT
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev yanvarın 30-da ölkəmizdə səfərdə olan Yunanıstanın Avropa İctimai Hüquq Mərkəzinin direktoru Spiridon Floqaitislə görüşmüşdür.
Səfa Mirzəyev Milli Məclisin fəaliyyətindən söz açmış, müstəqil Azərbaycanın parlamentinin Avropa dövlətlərinin ali qanunvericilik orqanları, o cümlədən nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etmişdir. O demişdir ki, bu gün Milli Məclis Avropa Şurasının, ATƏT-in və Avropa Parlamentinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir. Azərbaycan islahatların hüquqi bazasının yaradılmasında və təkmilləşdirilməsində dünyanın aparıcı dövlətlərinin təcrübəsindən bəhrələnir.
Dünyəvi, hüquqi, demokratik dövlət quruculuğunda inamla addımlayan Azərbaycan Avropanın qeyri-hökumət təşkilatları ilə də münasibətləri genişləndirir. LİNKS təşkilatı ilə əlaqələrimiz buna parlaq misaldır - deyə S.Mirzəyev vurğulamışdır.
Spiridon Floqaitis təmsil etdiyi təşkilatın fəaliyyəti barədə parlament Aparatının rəhbərinə ətraflı məlumat verərək demişdir ki, Yunanıstanın Avropa İctimai Hüquq Mərkəzinin Azərbaycanla əlaqələrinin inkişafını yüksək qiymətləndirir.
Mərkəzin direktoru Azərbaycandakı bugünkü inkişafdan məmnun olduğunu vurğulamış, hüquqi ekspertiza sahəsində ölkəmizə hər cür yardım etməyə hazır olduğunu bildirmişdir. O, Azərbaycanın müvafiq qurumları ilə əlaqələrin bundan sonra da inkişaf perspektivləri barədə öz fikirlərini açıqlamışdır.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində informasiya və təcrübə mübadiləsi, islahatların hüquqi bazasının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.