SİYASƏT
MİLLİ MƏCLİSDƏ MÜŞAVİRƏ
Fevralın 21-də parlamentin spikeri Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisdə müşavirə keçirilmişdir. Müşavirədə Milli Məclis sədrinin müavinləri, daimi komissiya sədrləri və Aparatın şöbə müdirləri iştirak edirdilər.
Milli Məclisin sədri yığıncağı açaraq bu il mart ayının 1-də öz işinə başlayacaq Milli Məclisin 2003-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında mülahizələrini bildirdi. Sədr respublikada aparılan islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi ilə ölkəmizin Prezidenti möhtərəm Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş sənədlərin operativ şəkildə müzakirə və qəbul olunmasının zəruriliyini vurğuladı.
Qeyd edildi ki, qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə, demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün Milli Məclisin üzərinə də böyük vəzifələr düşür. Belə ki, yaz sessiyasında ilk növbədə nüfuzlu beynəlxalq təşkilatların ekspertizasından keçmiş Seçki Məcəlləsi qəbul olunacaqdır. Məcəllə Milli Məclisdə geniş şəkildə müzakirə ediləcəkdir.
Sonra söz Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə verildi. O, öz çıxışında parlamentin yaz sessiyasında 23 qanun layihəsinin və başqa hüquqi sənədlərin müzakirə olunacağını və bunların arasında Seçki Məcəlləsinin xüsusi yer tutduğunu qeyd etdi.
Səfa Mirzəyev bildirdi ki, yaz sessiyasının qanunvericilik işləri planında Seçki Məcəlləsi ilə yanaşı, “Terrorizmlə mübarizə haqqında”, “Elektron rəqəmli imza haqqında”, “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında”, “Folklor nümunələrinin hüquqi qorunması haqqında” və digər qanunvericilik sənədləri vardır. Parlamentdə “Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihələri də müzakirə olunacaqdır.
Müşavirədə çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, daimi komissiya sədrləri Asya Manafova, Zahid Qaralov, Hadı Rəcəbli,Şahlar Əsgərov, Səməd Seyidov, komissiya sədrlərinin müavinləri Rəbiyyət Aslanova, Əli Əlirzayev, Eldar Qəhrəmanov parlamentdə müzakirəsi nəzərdə tutulan sənədlər barədə öz fikirlərini açıqladılar.
Milli Məclisin sədri Murtuz Ələsgərov müşavirəyə yekun vuraraq yaz sessiyasının daha məhsuldar keçməsi üçün daimi komissiyalarla Aparatın şöbələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etdi və bildirdi ki, sessiya müddətində qarşılıqlı səfərlər, müxtəlif konfrans və seminarların keçirilməsi də planlaşdırılır. Parlamentin sədri Milli Məclisin 2003-cü il yaz sessiyasının yüksək səviyyədə, intensiv keçəcəyinə inamını ifadə edərək müşavirə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Müşavirədə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə və sədr müavini Gövhər Baxşəliyeva iştirak edirdilər.
Milli Məclisin
mətbuat xidməti