SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 19-da Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa Şurasının insan hüquqları üzrə komissarı Alvaro Hil-Roblesi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq, nümayəndə heyətinin səfər müddətində bir sıra maraqlı görüşlər keçirməsindən və respublikamızda ombudsman təsisatının yaradılmasına həsr edilmiş seminarda iştirakından xəbərdar olduğunu bildirdi. O, ümidvar olduğunu söylədi ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının səfəri Azərbaycan ilə bu təşkilat arasında əlaqələrin genişlənməsinə təkan verəcəkdir.
Milli Məclisin sədri ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən danışaraq, onları üç hissəyə böldü. Birinci hissə Avropa Şurası konvensiyalarının qəbul edilməsi, imzalanması və ratifikasiya olunmasından ibarətdir. İndiyədək Azərbaycan parlamenti 31 konvensiyanı ratifikasiya edilmişdir. Bunların arasında insanın əsas hüquq və azadlıqlarının qorunması haqqında konvensiya, ona aid beş protokol, yerli özünüidarə haqqında Avropa Xartiyası, habelə immunitet və imtiyazlar haqqında konvensiya xüsusilə diqqətəlayiqdir. Milli Məclis bu sənədlər əsasında bir sıra qanun layihələri hazırlayıb qəbul etmişdir. Təkcə yerli özünüidarə xartiyası əsasında bələdiyyələrin fəaliyyətini tənzimləyən 15-dən çox qanun qəbul olunmuşdur. Öhdəliklərin ikinci hissəsi Avropa Şurasının tələblərinə müvafiq surətdə həyata keçirilən konstitusiya islahatlarına aiddir. Onların arasında ən vacibi ombudsman təsisatı yaradılması ilə bağlıdır. 24 avqust referendumundan sonra bu təsisatın yaradılması ilə əlaqədar ölkənin Konstitusiyasında dəyişikliklər ediləcəkdir. Bundan əlavə, Avropa Şurası Venesiya komissiyasının tövsiyəsi ilə parlamentin səlahiyyətlərinin artırılması haqqında Konstitusiya qanununun layihəsi hazırlanır. Öhdəliklərin üçüncü hissəsi adi qanunlara dəyişikliklər və əlavələr edilməsi ilə bağlıdır. Bu işdə də Avropa Şurasının və ATƏT-in tövsiyələri nəzərə alınır.
Parlamentin sədri Avropa Şurasının komissarını əmin etdi ki, Azərbaycanın bu təşkilat qarşısında götürdüyü bütün öhdəliklər yaxın vaxtlarda yerinə yetiriləcəkdir.
Cənab Alvaro Hil-Robles ətraflı məlumata və ombudsman haqqında seminarın təşkilinə köməyə görə Milli Məclisin sədrinə təşəkkür edərək, ona Azərbaycanda keçirdiyi görüşlər barədə məlumat verdi. O, qaçqınlar və məcburi köçkünlər ilə görüşdən ətraflı danışdı.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycanın öhdəlikləri yerinə yetirməsinə yüksək qiymət verdi və dedi ki, o, ölkəmizdə böyük tərəqqinin şahidi olmuşdur.
Qəbulda Avropa Şurasının ölkəmizdəki nümayəndəsi İnkeri Arni Lvov və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova iştirak edirdilər.