SİYASƏT
MİSİR SÜVEYŞ KANALINI ABŞ VƏ BÖYÜK BRİTANİYANIN HƏRB GƏMİLƏRİ ÜÇÜN BAĞLAYA BİLMƏZ
Rusiyanın “Novosti” agentliyinin məlumatına görə, Misir Prezidenti Hüsni Mübarək martın 31-də ölkə Silahlı Qüvvələrinin rəhbərliyi və Süveyş bölgəsində yerləşən 3-cü səhra ordusunun hərbi qulluqçuları qarşısında çıxışında bəyan etmişdir ki, Süveyş kanalını İraqa qarşı müharibə aparan ABŞ-ın və Böyük Britaniyanın hərb gəmilərinin keçməsi üçün bağlamaq barədə müxalifətin tələbi yerinə yetirilməzdir.
Hüsni Mübarək kanalın 1869-cu ildə gəmilərin sərbəst hərəkəti üçün açıldığı gündən qüvvədə olan beynəlxalq sazişlərə istinad etmişdir. Bu sazişlərə görə, yalnız ölkə müharibə vəziyyətində olduqda Misir süni su arteriyasını bağlamaq hüququna malikdir.
Misir Prezidenti İraqda müharibəni dayandırmağa və sülh danışıqlarına qayıtmağa çağırmışdır. O, bəyan etmişdir ki, hərbi əməliyyatların təkcə Yaxın Şərq regionunda deyil, həm də bütün dünyada istər iqtisadi və siyasi sahədə, istərsə də humanitar vəziyyət üçün fəlakətli nəticələri olacaqdır.