SİYASƏT
MURMANSKDAKI AZƏRBAYCAN DİASPORU MİLLİ QURTULUŞ GÜNÜNÜ QEYD ETMİŞDİR
Murmansk, 15 iyun (АzərTAc). Rusiyanın Murmansk şəhərindəki Azərbaycan diasporu 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirmişdir.
Murmansk Vilayəti İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin sədri Afil Hüseynov yığıncağı açaraq ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasında misilsiz xidmətlərindən danışmışdır. Natiq 1993-cü il iyunun 15-də ümummilli liderin hakimiyyətə qayıdışından əvvəl ölkədə hakimiyyət böhranının, hərc-mərcliyin hökm sürdüyünü, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi qarşısında olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən ÜAK-ın regional bölməsinin rəyasət heyətinin üzvü Amil Vəliyev, iş adamları Şahin Kərimov, Yaqub Şükürov, Ramiz Məlikov, Murmansk vilayəti hökumətinin məsul işçisi Rimma Nikolayeva və başqaları Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin xidmətlərini diqqətə çatdırmışlar.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Murmansk vilayəti üzrə nümayəndəliyinin rəhbəri, şəhərdəki Texniki Universitetin iqtisadiyyat fakültəsinin məzunu Vüsal İbrahimov ulu öndər Heydər Əliyevin gənc nəslin problemlərinə qayğı ilə yanaşmasından danışmışdır.
Tədbirdə dahi azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.