DÜNYA
Macarıstanda restoranların terrasları tezliklə açılacaq
Budapeşt, 29 aprel, AZƏRTAC
Macarıstan əhalisinin üçdəbir hissəsi koronavirusa qarşı peyvəndlənəndən sonra insanların açıq havada qida qəbul etmələrinə yenidən icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı Viktor Orban bu barədə aprelin 29-da özünün feysbuk səhifəsində paylaşdığı videomüraciətində bəyan edib. Baş nazir bu bəyanatı Nazirlər Kabinetinin iclasından sonra paylaşıb.
“Ümidvaram ki, gələn həftənin ortalarında, çərşənbə və ya cümə axşamı günü biz buna nail olacağıq. Onda restoranların terrasları açılacaq və biz qismən əvvəlki həyat tərzimizə qayıdacağıq”, - deyən Baş nazir daha sonra əlavə edib ki, restoran biznesinin “dirçəldilməsini” sadələşdirmək üçün terraslara görə şəhər fonduna icarə haqqı ödəmək tələbi ləğv ediləcək.
Xatırladaq ki, Macarıstanda koronavirusun yayılmasını zəiflətmək məqsədilə keçən il noyabr ayından bütün ictimai iaşə müəssisələri bağlı idi.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt