DÜNYA
Macarıstanda yeni sirk yaradılacaq VİDEO
Budapeşt, 7 sentyabr, AZƏRTAC
Macarıstan hökuməti “Milli Sirk Sənəti Mərkəzi” investisiya layihəsi barədə qərar qəbul edib. Mərkəzin binası Nyuqati vağzalının yaxınlığında, Eyfel meydanı, Podmanitski küçəsi, Ferdinand körpüsü və dəmir yolu ilə əhatə edilən ərazidə inşa olunacaq. Dövlət əmlakının idarə edilməsinə məsul olan portfelsiz nazir indi dəmiryolu infrastrukturunun həmin yerdə olan obyektlərinin alınmasının qeydinə qalmalıdır.
AZƏRTAC xəbər verir ki, hökumətin qərarında iki il bundan əvvəl hazırkı sirkin yerləşdiyi Varoşligetin yenidən layihələndirilməsi xatırladılır. O vaxt hökumət müvafiq təkliflərin verilməsi üçün bir il vaxt müəyyən etmişdi. Hələ ki, sirkin tikilməsi üçün tələb olunan investisiyanın həcmi barədə aydınlıq gətirilmir.
İnsan Resursları Nazirliyinə qısa müddət ərzində dövlət investisiya fonduna sərmayə layihəsinin hazırlıqları ilə bağlı məsələlər, maliyyə mənbələri və icra qrafiklərinin tərtibi üzrə təklifləri hazırlamaq tapşırılıb. Bununla yanaşı, göstərilir ki, tikintinin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına yerinə yetiriləcək. Belə ki, fəaliyyətdə olan sirkin gəlirləri bu məqsədlərə kifayət etməyəcək (onun gəlirinin bəzi səbəblər, məsələn Varoşligetin yenidən layihələndirilməsi səbəbindən və s. aşağı düşəcəyi gözlənilir).
Nazirliyin rəhbəri Mikloş Kasler bu yaxınlarda mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Feketeni sirk sənəti üzrə səlahiyyətli nazir təyin etdiyindən, o zaman sənədlərin hazırlanması üzrə işin əsas hissəsini məhz həmin məmur icra edəcək. Bu barədə “HVG” jurnalında dərc olunan xəbərdə deyilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt