ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb
Bakı, 5 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahana qatılan bakalavrlar https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15 keçidindən istifadə edərək nəticələr və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.
İmtahanda 8 min 151 bakalavr iştirak edib. Bakalavrlardan 34-ü isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, iki nəfər 138 bal (maksimal 150 bal) toplayıb.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dan 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.