DÜNYA
Mahathir Məhəmməd: MH17 reysi barədə hesabat siyasiləşdirilib və Rusiya əleyhinə tərtib edilib
Tokio, 20 iyun, AZƏRTAC
Malayziyanın Baş Naziri Mahathir Məhəmməd 2014-cü ilin iyulunda Ukrayna üzərində “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Birgə Təhqiqat Qrupunun (BTQ) fəaliyyətindən narazılığını bildirib.
AZƏRTAC xəbər verir ki, “The Star” qəzetinin yaydığı məlumata görə, M.Məhəmməd qrupun hesabatını siyasiləşdirilmiş və Rusiya əleyhinə tərtib edilmiş adlandırıb.
“Biz çox narazıyıq. Lap əvvəldən bu təhqiqat siyasiləşdirilib və Rusiyanın günahlandırılmasına yönəlib”, - deyə Baş Nazir bildirib. M.Məhəmməd əlavə edib ki, “müstəntiqlər materialları öyrənmədən, hadisənin Rusiya tərəfindən törədildiyini bəyan ediblər”.
Baş Nazir deyib ki, bizə Rusiyanın baş verən hadisədə günahını təsdiq edən faktlar lazımdır. Lakin hələlik heç bir dəlil yoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio