DÜNYA
Malayziyada 21 nəfər saxta viskidən zəhərlənərək ölüb
Tokio, 20 sentyabr, AZƏRTAC
Malayziyada son bir neçə gündə 21 nəfər saxta viskidən zəhərlənərək ölüb. AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, həmin viskinin tərkibində metil spirti aşkar edilib.
Sentyabrın 19-da günorta saatlarına olan məlumata görə, “Grand Royal Whisky” növlü içkidən 55 zəhərlənmə halı qeydə alınıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslərdən 21-i ölüb, 14 nəfərin vəziyyəti isə ağırdır.
Nəşrin bildirdiyinə görə, Səhiyyə Nazirliyinin məlumatı tam olmaya bilər. Belə ki, zəhərlənmə ilə bağlı yalnız dövlət xəstəxanaları nazirliyə məlumat verməlidir, şəxsi müəssisələr isə yalnız xəstə öldüyü halda bu barədə nazirliyi məlumatlandırırlar.
Ölümcül zəhərlənmələr barədə ilkin məlumatlar daxil olan kimi, Malayziyada viski istehsalı ilə məşğul olan üç şirkət - “Grand Royal”, “Mandalay” və “King Fisher” şirkətləri şübhə altına düşüb. Amma ekspertiza metil spirtini yalnız “Grand Royal Whisky” etiketinin olduğu şüşələrdə aşkar edib. Bundan əlavə, etiketlərdə viskinin istehsalçısı və distribüterlər haqqında heç bir məlumat yoxdur.
Nəşrin yaydığı məlumatda bildirilir ki, yerli hakimiyyət orqanları zəhərlənmənin baş verdiyi yerlərdə 291 şüşə müxtəlif növ spirtli içki müsadirə edib. Hazırda müsadirə edilmiş içkilərin analizi davam edir, kütləvi zəhərlənmə ilə bağlı polis tərəfindən istintaqa başlanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio