SİYASƏT
Malayziyada Tovuz döyüşlərində həlak olmuş qəhrəman Azərbaycan hərbçilərinin xatirəsi anılıb
Kuala Lumpur, 28 iyul, AZƏRTAC
İyulun 28-də Malayziyada Tovuz döyüşlərində həlak olmuş qəhrəman Azərbaycan hərbçilərinin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, xeyriyyə aksiyası Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Həmçinin Qurban bayramı münasibətilə səfirliyimiz tərəfindən Malayziyanın Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınların məskunlaşdığı “Mesra Home” adlı Xeyriyyə Evinə maliyyə yardımı edilib.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev həmin xeyriyyə evinə baş çəkərək, qurumun təsisçisi və rəhbəri xanım Faeza Ali, eləcə də əməkdaşları və könüllülər ilə görüşüb. Səfir belə bir xeyriyyə aksiyasına ev sahibliyi etdiyinə görə “Mesra Home” kollektivinə təşəkkürünü bildirib, İslam dininin mahiyyətindan irəli gələn humanizm ənənələrinin Azərbaycan və Malayziya cəmiyyətlərində qədim tarixə malik olduğunu və bu təşəbbüsün də məhz həmin ənənələrdən irəli gəldiyini qeyd edib. O, Qurban bayramının böyük İslam dünyasında dini etiqadla yanaşı, dərin fəlsəfi-əxlaqi dəyərləri də özündə əks etdirdiyini, bu müqəddəs bayramın hər il Azərbaycan və Malayziya xalqları tərəfindən böyük sevinc və xoş ovqatla qeyd olunduğunu, belə ortaq dəyərlərin xalqlar arasındakı qardaşlıq bağlarına mühüm töhfələr verdiyini deyib.
Azərbaycanlı diplomat, həmçinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə Malayziyanın verdiyi qətiyyətli və birmənalı dəstəyin xalqımız tərəfindən daim alqışlandığını bildirərək, belə xeyriyyəçilik aksiyalarının ölkələr arasında dostluq və həmrəyliyin gücləndirilməsinə, eləcə də qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Səfir deyib: “Bu gün burada “Mesra Home” sakinlərini, onun əməksevər və fədakar kollektivini, eləcə də bütün malayziyalı bacı və qardaşlarımızı qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, onlara xoşbəxtlik və möhkəm cansağlığı arzulayıram”.
“Mesra Home” Xeyriyyə Evinin rəhbəri F.Ali bu il artıq ikinci dəfədir ki, Azərbaycan səfirliyi ilə birgə xeyriyyə aksiyası keçirdiklərini və bu əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycan və Malayziya xalqları arasında davam edən möhkəm dostluq və qardaşlıq münasibətlərinin qürurverici olduğunu vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur