İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı SECO-nun qrant vəsaiti hesabına həyata keçirilən Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası (FSMP2), həmçinin palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, MBNP-nin idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov SECO-nun nümayəndə heyəti ilə ötən ilin sentyabrında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq həm FSMP2 layihəsi, həm də ölkəmizdə maliyyə əlçatanlığının yaxşılaşdırılması məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin, Özəl Kredit Bürosunun və Kredit Zəmanət Fondunun yaradılması çərçivəsində göstərilmiş dəstəyə görə SECO və İsveçrə hökumətinə minnətdarlığını bildirib.

Daha sonra, ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə pozitiv təsirləri, maliyyə sektorunda davam edən müsbət dinamika və maliyyə bazarları üzrə hüquqi və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.

Maliyyə bazarlarında davamlı inkişafın önəmli amillərdən biri kimi problemli kreditlərdən danışan İ.Alışov fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışıb.

SECO-nun Makroiqtisadi dəstək üzrə Proqram rəhbəri Reto Veyerman ölkəmizə dəfələrlə səfər etdiyini və əvvəlki illər ilə müqayisədə Azərbaycanın istər maliyyə sektorunda, istərsə də digər sahələrdə nəzərəçarpan irəliləyişlərin müşahidə olunduğunu bildirərək MBNP-nin nümayəndələrini Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olması münasibətilə təbrik edib.

Görüş qarşılıqlı maraq doğuran suallar və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.